09.05.2022-ci il tarixdə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri
ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Xocalı
rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin əməkdaşları, Xocalı
rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, YAP Xocalı rayon
təşkilatının Gəncə şəhəri Yeni qəsəbə-2 üzrə ərazi partiya təşkilatının
fəalları, təhsil müəssisələrinin rəhbərləri tərəfindən Bərdə
rayonu Şirvanlı kənd qəbiristanlığında dəfn edilmiş Vətən
müharibəsi şəhidi Ramazanlı Əlizamin Umud oğlunun cənnətdəki ikinci mövlud günü
ilə əlaqədar şəhidimizin məzarı ziyarət edildi. Şəhidimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq məzarına tər güllər düzüldü, ruhuna dualar oxundu.Şəhidimizin valideynləri
ilə söhbət zamanı Şanlı Zəfər tarixinə adını qızıl hərflərlə yazdıran Əlizamin Ramazanlının keçdiyi şərəfli döyüş yolundan bəhs olundu. Onun
xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağı və şəhidlərimizi yad
etməyin hər birimizin borcu olduğu vurğulandı.
Sonra Fövqəladə Hallar
Nazirliyi işçilərinin Həmkarlar İttifaqının
təşkilatçılğı və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Beynəlxalq Qadınlar Günü
münasibətilə 44 günlük Vətən müharibəsində canlarını Vətən uğrunda fəda vermiş
şəhidlərin analarının adına həyata keçirilmiş ağacəkmə aksiyasının ianə
sertifikatı şəhidimizin anası Adilə xanıma təqdim edildi.
Qeyd edək ki, əslən Xocalı rayonunun Kosalar kəndindən
olan Əlizamin Ramazanlı 2000-ci il mayın
9-da Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əlizamin 2006-cı ildə
Şuşa rayon 19 nömrəli tam orta məktəbinin 1 sinfinə gedib, 2017-ci ildə həmin
məktəbi bitirib. O, 2017-ci ilin iyulunda Sərhəd qoşunlarında hərbi xidmətə başlayıb,
2019-cu il yanvarında hərbidən tərxis olunub. Evin tək oğlu olan
Əlizamin 2020-ci il fevralın 13-də Sərhəd Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmətə yazılaraq kəşfiyyatçı gizir kimi fəaliyyətini davam etdirib.
Vətən Müharibəsi başladığı gündən qisas hissi ilə vuruşan Əlizamin
Ramazanlı Murovdağ silsiləsinin alınması uğrunda döyüşlərdə iştirak edib,
Kəlbəcər tərəfdə kəşfiyyat əməliyyatlarında ön sıralarda olub. Sonra Füzuli
istiqamətində döyüşlərə qatılıb. Xocalıya, Kosalar kəndinə bayrağımızı
sancacağam deyən igid döyüşçümüz oktyabr ayının 9-u Hadrut uğrunda
döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən,
döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirmiş
Ramazanlı Əlizamin Umud oğlu ölümündən sonra “Vətən
uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə
fərqlənməyə görə” medalları ilə təltif edilib.
Ruhu şad olsun!